"SalamNews”, “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsi
Bu günkü prosesdə xaricdən gələn pulla bağlı türkiyəli şahid ifadə verib
"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun məhkəməsində xaricdən gələn pul vəsaitləri ilə bağlı türkiyəli şahid ifadə verib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmədovanın sədrliyi ilə Cinayət Məcəlsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilən şəxs Bağırov Mətləb Mirzəmməd oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmənin gedişində Mətləb Bağırovun xarici ölkələrdən cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsində kuryer qismində iştirak edən Türkiyə Respublikası vətəndaşı Kefsiz Hüseyin Abdulqani oğlu dindirilib.
O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək Mətləb Bağırovu şəxsən tanımasa da, xarici ölkədə fəaliyyət göstərən Nedim Kaya adlı tanışının xahişi ilə Mətləb Bağırova üçüncü ölkələrdən tanımadığı şəxslər tərəfindən göndərilən külli miqdarda pul vəsaitlərini 2022-2023-cü illər ərzində hissə-hissə olmaqla onun Bakı şəhərində olan nümayəndələri Fərid, Ramiq və adlarını xatırlamadığı digər şəxslərə şəxsən verdiyini, sonuncu dəfə 2023-cü ilin yanvar ayında xaricdən Mətləb Bağırov üçün göndərilən 50.000 ABŞ dolları məbləğində pul vəsaitini Nərimanov rayonu ərazisində sonuncunun nümayəndəsi Fərid adlı şəxsə hissə-hissə verdiyini bildirmişdir.
Dövlət ittihamçısının "əgər, həmin pul qanunsuz deyildisə, niyə Bakıda kiməsə çatdırmaq üçün sizə verirdilər, həmin adam özü çatdıra bilməzdimi?" sualına cavab olaraq şahid deyib ki, pulu xarici ölkədən göndərən şəxsi uzun müddətdir tanıyır və onun dostudur. Şahid qeyd edib ki, dostunun niyə pulu çatdırmaq üçün onu seçdiyini bilməyib.
Növbəti məhkəmə prosesi digər şahidlərin də dindirilməsi üçün dekabrın 2-nə təyin olunub.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov xaricdə dini təhsil alıb, İnterAz və SalamNews informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham verilib.