XƏBƏRLƏR / İctimaiyyət

Samvel Babayan sepatçılara qarşı hücuma keçdi

"Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan və Samvel Şahramanyan məhkəmə qarşısında dayanmalıdır"

Samvel Babayan sepatçılara qarşı hücuma keçdi
Samvel Babayan
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Erməni separatçıların Qarabağdan İrəvana qaçmış “liderləri”ndən biri olan Samvel Babayan Ermənistanın İctimai Televiziyasına müsahibə verib.

    Bu barədə "Hraparak" yazıb.

    S.Babayan Qarabağ separatçılarına başçılıq edən şəxsləri – Arkasi Qukasyan, Bako Saakyan, Arayik Arautyunyan, Ruben Vardanyan, Samvel Şahramanyan və digərlərinə qarşı sərt ittihamlar səsələndirib, onları Rusiya xüsusi xidmət orqanlarının agenti adlandırıb, xəyanətdə suçlayıb.
     
    Babayan deyib ki, Xankəndidə mövcud olmuş xunta rejiminin “22 deputatı”, eləcə də Bako Saakyan, Araik Arutyunyan, Arkadi Qukasyan və Samvel Şahramanyan məhkəmə qarşısına çıxmalıdır.

    “Bu cinayətkarlar cavab verməlidirlər, onlar Ermənistan Respublikasının ərazisinə daxil olan kimi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

    S.Babayan deyib ki, Azərbaycan Qarabağda antiterror tədbirləri keçirməzdən əvvəl o, rəsmi Bakı ilə danışıqlara getməyin tərəfdarı olub ki, ermənilər prosesdən minimum itki ilə çıxsınlar. Lakin separatçıların digər “liderləri” onun təkliflərinə məhəl qoymayıblar.

    Babayan deyib ki, Qarabağda baş verən son hadisələrdən qaçmaq üçün alternativ variantlar olsa da, bu imkan əldən verilib.

    “Biz Qarabağ ərazisində muxtar respublika yarada bilərdik, necə ki, 4400 kvadratmetr ərazidə mühafizəmiz təşkil olunmuşdu. Mən vasitəçilik yolu ilə danışıqlar apardım, Azərbaycan razılaşdı. Bu insanlar istəmədi. Onlar Qarabağı tamamilə Azərbaycana veriblər. Hamısı gəlib məhkəmədə ifadə verməlidir”, - Babayan deyib.

    Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusi rol oynayıb. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib. 

    2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb. O, son vaxtlaradək Xankəndidə "Vahid Vətən" adlı qondarma partiyaya rəhbərlik edirdi.