MÜSAHİBƏ

Santuş Azərbaycan jurnalistlərinin suallarını cavablandırıb

Portuqaliyalı məşqçi ümid edir ki, Azərbaycan böyük yarışlara onunla birlikdə yollanacaq

Santuş Azərbaycan jurnalistlərinin suallarını cavablandırıb
Fernandu Santuş
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “Ümumi proses haqda danışmağa vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”.

    Bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

    Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    “Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu kimi məsələlər çox önəmli idi. Bu, qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib. Bu, bu günün və ya sabahın layihəsi deyil. Uzunmüddətli layihədir. Sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, mənimlə tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan böyük yarışlara mənimlə birlikdə yollanacaq”.

    - Zəngin karyeraya maliksiniz. Azərbaycan yığması FİFA reytinqində 100-lükdə belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul etdiniz?

    - Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq. Motivasiya da oldu.

    - Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiniz?

    - Doğrudur. Gürcüstan millisinin böyük miqyaslı turnirlərdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik. Ona görə də, ailəmizlə birlikdə burada yaşayacağıq.

    - Müqaviləniz üç illikdir. Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiniz?

    - İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.