Şarl Mişel Rusiyanı ermənilərə xəyanət etməkdə suçlayıb
Avropa İttifaqı Şurasının Prezidenti "Euronews"a müsahibəsində Bakı ilə münasibətləri də mürəkkəb adlandırıb
Avropa İttifaqı Şurasının Prezidenti hesab edir ki, Rusiya etnik ermənilərə xəyanət edib. Şarl Mişel Euronews telekanalına müsahibəsində deyib ki, hərbi əməliyyat zamanı Dağlıq Qarabağı öz nəzarətinə qaytaran Azərbaycanla münaqişədən belə bir dərs çıxarmaq lazımdır.
Avropa Şurasının prezidenti Şarl Mişel:
"Vəziyyət aydındır - heç kim bunu görməyə bilməz - Rusiya erməni əhalisinə xəyanət edib. Rusiya öz əsgərlərinin orada olmasını və sabitlik və təhlükəsizliyə dair razılaşmalara zəmanət verməsini istəyib. Və görürük ki, bu hərbi əməliyyat, bildiyiniz kimi, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, səhnədə olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlayıb."
Şarl Mişel bu həftənin sonunda İspaniyanın Qranada şəhərində keçiriləcək Aİ Sammiti zamanı Ermənistan və Azərbaycan arasında vasitəçilik təklif etmək niyyətində olduğunu bildirib.
"Hesab edirəm ki, Azərbaycan hərbi əməliyyata başladığı andan böyük məsuliyyət daşıyır. İndi Azərbaycan xoş niyyət nümayiş etdirməli və beynəlxalq ictimaiyyəti vəziyyətin monitorinqinə cəlb etməlidir ki, Azərbaycanda yaşayan bütün əhalinin, o cümlədən erməni əhalisinin hüquqları və təhlükəsizliyi qorunsun" - Mişel qeyd edib.
O əlavə edib ki, "Brüssellə Bakı arasında münasibətlər mürəkkəb, lakin perspektivli olaraq qalır. Ötən il Avropa İttifaqı Azərbaycandan daha çox təbii qaz almaq üçün çox işlər görüb".
Aİ Şurasının rəhbəri bildirib ki, Azərbaycan Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı səylərində daha çox iştirak etməlidir.