Juninyonun özü də “Sevilya”ya keçmək istəyir YENİLƏNİB
Bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib
16:45
“Juninyo ilə bağlı "Sevilya" ilə danışıqlar gedir”.
Bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Sevilya” klubundan Olavio Juninyoya gələn təklif barədə danışarkən deyib.
Mütəxəssis braziliyalı hücumçunun La Liqa təmsilçisinə keçmək istəyini gizlətmədiyini bildirib: “Juninyo hər şey qaydasında olacağı halda, “Sevilya”ya gedə biləcəyini söylədi. Əsas oyunçuların komandadan getməsi işimə mane olur. “Qarabağ” transfer zamanı futbolçulara az məbləğ ödəmir. Artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Klubumuza kənardan diqqət daha da çoxalacaq və liqamıza maraq artacaq. Azərbaycan futbolunun transfer bazarında iştirak etməsi həm bizim, həm də ölkə futbolunun inkişafı üçün müsbət məqamdır”.
Qeyd edək ki, “Qarabağ” “Sevilya”nın ilk təklifini qəbul etməyib.
***
12:14
İspaniyanın "Sevilya"sı Rusiyanın "Krasnodar" klubunun Azərbaycanda transfer rekordunu qıra bilər.
Ağdam klubu ispanların braziliyalı hücumçu Juninyonu almaqla bağlı 5 milyon avroya yaxın ilk təklifini rədd edib.
Amma “Sevilya” təslim olmaq fikrində deyil və yaxın günlərdə “Qarabağ”a daha sərfəli təkliflə yanaşacaq.
Əgər sövdələşmə yenilənmiş məbləğdə baş tutsa, o zaman “Sevilya” 2023-cü ilin yanvarında braziliyalı Kadi Borxes üçün Ağdam komandasına təxminən 5 milyon avro ödəmiş “Krasnodar”ın rekordunu qıracaq.
Juninyo ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olub və onun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.