“Şahinlərin Görüşü"ndə "Yüksək Səviyyəli Müşahidəçi Günü"

Müdafiə Nazirliyi xəbər verir VİDEO

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

    Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.
    "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin məqsədi, mərhələləri, eləcə də iştirakçı qüvvələr və vasitələr barədə ətraflı məlumat verilib.
    Məruzə olunub ki, “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində əsas diqqət ölkələrimiz arasında hərbi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Hərbi Hava Qüvvələrimiz arasında qarşılıqlı uzlaşma və birgə fəaliyyət qabiliyyətinin artırılmasına, hava əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsinin təkmilləşdirilməsinə, eləcə də iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

    Təlimə Azərbaycan Ordusundan 3 hava hücumundan müdafiə sistemi, 2 radioelektron mübarizə və 20 aviasiya vasitəsi, həmçinin BƏƏ-dən 6 döyüş və 1 nəqliyyat təyyarəsi, 3 helikopter olmaqla ümumilikdə hər iki ölkədən 600-dən çox hərbi qulluqçu cəlb edilib.

    Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları təlimin gedişatını, eləcə də aviasiya vasitələrinin hər iki ölkənin dövlət bayraqları ilə nümayiş keçidini izləyiblər.

    Qeyd edək ki, oktyabrın 12-dən etibarən müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqlarının icra olunduğu “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlıq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
    Sonda qonaqlar təlimdə cəlb olunan aviasiya vasitələri ilə tanış olublar.