Şimal "Zəngəzur dəhlizi"ndə toqquşmalar başladı
Ukrayna müharibəsi bu yolun imkanlarını xeyli məhdudlaşdırdı
Rusiya ilə Qərb qarşıdurması son günlər öz coğrafiyasını xeyli genişləndirdi. Oyuna deyəsən Çin də girdi. Səbəb Rusiya ilə Litva arasındakı Suvalk nəqliyyat dəhlizidir.
Zəngəzur dəhlizi bizimçün nə qədər əhəmiyytlidir soruşuram? Çox... Suvalk dəhlizi də Çin üçün, Rusiya üçün bir o qədər vacibdir. Avropadan Çinə ötürülən yüklərin çoxu məhz bu marşrutla Transsibir dəmiryoluna çatdırılırdı.
Ukrayna müharibəsi bu yolun imkanlarını xeyli məhdudlaşdırdı. Rusiya ilə Çin öz "Zəngəzur dəhlizlərini" bir növ itirdilər. Balaca, cıqqılı Litva başladı “Cırtdanla Div” nağılını səhnələşdirməyə. Tayvanla öz münasibətlərini hər mənada gücləndirdi. Rəsmi Çinlə alçaldıcı bir ritorika ilə danışmağa başladı.
Çinin etirazları inkar edildi.
Tayvanın nümayəndəliyini açdı Vilnüsdə. Rəsmi sənədlərdə bu ünvan “駐立陶宛台灣代表處; Taivano atstovybė Lietuvoje” adlanır indi. Saytına girib fəalliyəti ilə yaxından tanış ola bilərsiniz.
Tayvan sevdası Litvada təzədir. 2020-ci il parlament seçimlərindən sonra Litva konservatorlarının yeni siyasi kursudur. Tayvan ilə əməkdaşlıq, ticarət imkanları yeni Litva hökumətinin döş nişanına, tanıtım reklamına çevrilib. Suvalk dəhlizi ilə litvalılar nümayişkaranə şəkildə Tayvana öz mallarını ixrac etmək istəyirdilər. Ancaq Çin buna imkan vermədi. Litvalılar da cavabında çinlilərin yolunu kəsdilər.
Ssenari sifarişçisi sözsüz, okeanın o tayındadır. Məqsəd "Çin əjdahası"nı "Litva cırtdanı" ilə əsəbləşdirmək, sonra bu milçəkdən fil yaratmaqdır. Fil isə, unutmayın, ABŞ respublikaçılarının rəmzidir. Yəni Litva öz anti-Çin siyasətində tək deyil. Müəllif deyil. ABŞ respublikasıçılarının, Donald Tramp ssenarisinin icraçısıdır, aktyorudur.
Harvard məzunları bu cür “soft power”, yəni “yumşaq zərbə” texnologiyalarını çox sevərlər. Ustalıq bilərlər yeni veb versiyalarını. Zərbənin müəllif haqları ABŞ neokonlarına, yəni neokonservatorlarına, o cümlədən Donald Trampa məxsusdur.
Tayvan-Litva əməkdaşlığını Pekin bəribaşdan süngü ilə qarşıladı. Sanksiyalar çıxardı Litvaya qarşı.
Və sairə və ilaxır.
Bu ssenari müəllifinin - Donald Trampın Ağ evə qayıdışı ilk növbədə Çin üçün təhlükəlidir. Axı Tramp Çini “ABŞ-ın bir nömrəli düşməni” bilir. Litva-Tayvan ssenarisini, dosyesini həmişə sağ cibində gəzdirir.
DETAL: Bu gün dünya aviamarşrutlarında Tayvana yol neyçünsə məhz Litvadan, Vilnüsdən ötür. Digər aviadaşıyıcılar Çin qorxusundan bu marşrutu işlədə bilmirlər. Litva isə, gördüyümüz kimi qorxmur. Sem daydayına güvənir bu məsələdə. Bahalı siqaralar təklif edir oz sərnişinlərinə.
Təhlükəni zamanın ixtiyarına buraxmaq olmazdı.
Pekin Trampa qarşı önləyici addımlarına qərar verdi məncə.
Noyabrın 17-dən 18-ə keçən gecə Baltik dənizinin dibindən keçən Litva-Finlandiya və habelə digər rabitə xətləri qəfil zədələndi. Beynəlxalq “Marine Traffic” xəritəsini əgər bu ünvanda yaxşıca izləsəniz, məsələ öz miqyasını xeyli artırar gözlərinizdə. Qəzanın texnogen səbəblərinə inanmazsınız bir zərrə belə, bir iynə ucu belə. Qəzadan azca əvvəl bu “eyni dalğa, eyni koordianat”dan Çinin “Y Penq 3” gəmisi keçibmiş.
Sözsüz, bu Qərblə Şərq arasındakı qarşıdurmaya artıq tam yeni məzmun verir.
1. Avropanın Suvalk dəhlizində toqquşmalar başladı.
2. Bu xəbərdarlıqdır.
3. “Y Penq 3” gəmisi oxşar əməliyyatı Tayvan sularında da təkrarlaya bilər.
4. Yəni bu anonsdur hələ. Jurnaldır. Kinoya az qalıb. Biletləri kassadan almağa tələsin.
5. Pekin bu addımını, sözsüz, Moskvasız atıb. “Soft power” zərbəsinə özünəməxsus ağır zərbə ilə cavab verib.
6. Şimaldakı "Zəngəzur dəhlizi"ndə vəziyyət gərginləşdi. Cənubdakı "Zəngəzur dəhlizi" bəs necə? Oxşar zərbələri təkrarlayacaq?
Siyasətdə nə varsa, iki nüsxədədir. Hətta nəqliyyat dəhlizləri belə. Oyun həmişə iki meydançada gedir. Sığortaya xatir.