Şuşada TDT təhsil nazirlərinin VIII iclası YENİLƏNİR
Burada ikitərəfli görüşlər də keçiriləcək
11:38
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib.
İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatının qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb. Nazir qeyd edib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.
Nazir çıxışının yekununda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.
Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.
Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.
***
09:24
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin VIII iclası keçirilir.
Tədbirdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, YÖK Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edir.
Bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.
Tədbir çərçivəsində təşkilata üzv ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.