Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. O, 5 gün öncə dünyasını dəyişib.
Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinin əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər.
Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib.
Çingiz Aslanov 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
TƏBİB-dən bildirildiyinə görə, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.
Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.