XƏBƏRLƏR / İctimaiyyət

Siyəzəndə I Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi

Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1992-ci ildə Ağdərənin Çıldıran kəndində itkin düşüb

Siyəzəndə I Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:50

    Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarovun cəsədinin qalıqları iyunun 4-də Siyəzən rayonunun Dağ Quşçu kəndində dəfn olunub.

    1992-ci ilin oktyabr ayında Ağdərədə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra doğma yurdunda torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Siyəzən Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd sakinləri iştirak ediblər.

    Cabbarov Rüfət Məmmədhüseyn oğlu 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində doğulub. Keçmiş sovet ordusunda xidmət keçib. Birinci Qarabağ müharibəsində cəbhəyə könüllü yollanıb. Ağdərə rayonunun yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 4 oktyabr 1992-ci ildə Ağdərənin Çıldıran kəndində şəhidlik zirvəsinə yüksəlib. Rüfətin şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.

    Aparılan araşdırmalardan sonra Rüfət Cabbarovun Tərtərin Şəhidlər Xiyabanında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

    Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına güllər düzülüb, əklil qoyulub.

    ***

    14:34

    Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib.

    Şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.

    Hazırda şəhidlə vida mərasimi keçirilir.

    Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərənin Çıldıran kəndində itkin düşüb.

    R.Cabbarov Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.