SOCAR Sloveniyanın qaz tədarükünü şaxələndirəcək
Bu barədə ölkənin Ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer deyib
Azərbaycan Sloveniyaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkana çevrilib. Bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Azərbaycan qazının tədarükünə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış müqaviləni şərh edərkən deyib.
"İnanıram ki, bu və sonrakı əməliyyatlar təkcə iki şirkət arasında deyil, həm də iki ölkə arasında uzunmüddətli uğurlu əməkdaşlığa gətirib çıxaracaq".
O qeyd edib ki, Sloveniya təbii qaz təchizatı marşrutlarını şaxələndirməyə davam edir.
"Bunun sayəsində biz sözün əsl mənasında qənaət etdik və qarşıdan gələn qışda Sloveniyanı təbii qazla təhlükəsiz şəkildə təmin etdik".
Nazir vurğulayıb ki, Azərbaycan Aİ üçün getdikcə daha vacib olan strateji təchizatçı kimi Sloveniyaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkan yaradır.
B.Kumer onu da qeyd edib ki, 2024-cü il iyulun 17-də Bakıya səfəri zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə iki ölkənin şirkətləri arasında digər sahələrdə əməkdaşlıq imkanlarının açılmasına səy göstərmək barədə razılıq əldə olunub.
Biz əməkdaşlıq üçün yeni sahələr müəyyən etdik - hidrogen, süni intellektdən tutmuş bərpa olunan enerjiyə qədər.