Sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə
Cənubi Koreya mütəxəssislərinin rəyi
Cənubi Koreyada Seulun mərkəzi ilə onun ətrafı arasında səyahət vaxtını azaldacaq yüksək sürətli qatar işə salınır. Layihə müəllifləri ümid edirlər ki, bu dəmir yolu daha çox gənci şəhərdən kənarda yaşamağa və uşaq sahibi olmağa təşviq edəcək.
Xarici media xəbər verir ki, Cənubi Koreya dünyada ən aşağı doğum səviyyəsinə malikdir və gənclər tez-tez ailə qurmaqdan və uşaq sahibi olmaqdan imtinanın səbəbini işə getmə üçün uzun yol qət etməkdə görürlər. Onlar ölkə əhalisinin təxminən yarısının yaşadığı Seuldakı kiçik və bahalı mənzillərin ailə qurmaq üçün namünasib olduğunu deyirlər.
Seulda doğum səviyyəsi ölkə üzrə orta göstəricidən aşağıdır və hökumət subsidiyalar hesabına yeni doğulan uşaqların sayını artırmağa çalışır.
Səlahiyyətlilər indi ümidlərini 134 trilyon von (99,5 milyard dollar) dəyərində olan “Böyük eXpress qatar” (GTX) layihəsinə bağlayırlar. Bu layihə 2035-ci ilə qədər Seulu bir neçə ucqar rayonla birləşdirəcək altı xəttə qədər genişləndiriləcək.
Cənubi Koreyanın Prezidenti Yun Sok Yol cümə axşamı günü Suso stansiyasından peyk şəhəri olan Dongtana avtobusla gediş vaxtını 80 dəqiqədən 19 dəqiqəyə endirəcək birinci sürət qatarı xəttinin bir hissəsinin açılışını edib. O bildirib ki, səyahət vaxtının azaldılması insanlara səhərlər və axşamlar ailəsi ilə daha çox vaxt keçirməyə imkan verəcək.
Rəsmilər bildiriblər ki, xəttin şənbə günü istifadəyə veriləcəyi gözlənilir və tam işə salındıqdan sonra GTX qatarların saatda 180 km sürətlə hərəkət etdiyi dünyanın ən sürətli yeraltı sistemlərindən biri olacaq.