Şuşada kütləvi məzarlıq aşkarlandı
Məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb
Şuşa ərazisində kütləvi məzarlıq aşkar olunub.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov məlumat verib.
Məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.
Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.
İlkin rəyə görə, burada dörd nəfərin fərdi olaraq basdırıldığı müəyyən edilib.
Araşdırmalara görə, Şuşa həbsxanasında 360 azərbaycanlı əsir, girov saxlanılıb. Onlardan 216-sı Dövlət Komissiyasının fəaliyyəti nəticəsində əsir, girovluqdan azad olunub, digərlərinin taleyi isə məlum deyil.
"İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib.
“Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.
Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.