Tehran və Moskva hərbi əməkdaşlığı genişləndirir
ABŞ Rusiyanın İrana qırıcı təyyarələr göndərə biləcəyini bildirib
Cümə günü Ağ Ev Rusiyanın İrana qırıcı təyyarələr göndərə biləcəyini bildirib, bu da iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsinin əlamətidir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
"Noyabrda İran Rusiyaya Ukraynada istifadə etməsi üçün artilleriya və tank mərmiləri göndərib... Rusiya əvəzində daha çox hərbi texnikia əldə etmək üçün İranla əməkdaşlıq etməyi planlaşdırır", deyə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
"Biz bunu diqqətlə izləyirik", deyən Kirbi qırıcı təyyarələrin növü və onların nə vaxt çatdırıla biləcəyi haqqında əlavə məlumat verməyib.
Kirbinin sözlərinə görə, İran Rusiya hərbi texnikasına milyardlarla dollar xərcləyir və Rusiyadan zərbəçi helikopterlər, radarlar və təlim-döyüş təyyarələri də daxil olmaqla, əlavə hərbi texnika almaq istəyir.