Təkcə kişi sürücülər yox, qadın sürücülər də olmalıdır
İctimai nəqliyyatda keyfiyyəti artırmaq üçün nələr edilməlidir?
Hal-hazırda ictimai nəqliyyatın yaxşılaşdırılması üçün bir çox tədbirlər görülür. Velozolaqlar, avtobus zolaqlarının yaradılması bu istiqamətdəki addımlardan bəziləridir. Sadəcə, nəzarət güclənməlidir. Biz də istəyərdik ki, trolleybus və tramvaylar yenidən fəaliyyət göstərsin. Amma bu hazırda real deyil. Keyfiyyətin artması üçün maliyyə dayanıqlığı təmin olunmalıdır, biznes modeli dəyişdirilməlidir.
Kondisonerlərin olmaması və işləməməsi, sürücülərin peşəkarlıq məsələsi ictimai nəqliyyatdakı əsas problemlərdir. Həm də sürücülərin maaşı artırılmalıdır, çünki ciddi sürücü qıtlığı var. Bu sahə stresli sahədir. Bu stresin azaldılması yönündə məhz bəzi stimullaşdırıcı addımlar atılmalıdır. Gender bərabərliyi də olmalıdır. Təkcə kişi sürücülər yox, qadın sürücülər də olmalıdır. Elan olunub ki, payıza qədər yeni 160 elektrobus buraxılacaq. Bu da şəhərdə daha keyfiyyətli ictimai nəqliyyat seqmenti üzrə xidmətin göstərilməsinə gətirib çıxaracaq. Bundan başqa, sərnişin axınını bölüşdürmək üçün stansiyaların sayı çoxalmalıdır.
Köhnə təcrübələrin yenilərlə əvəz olunması...
Metropolitendəki xətlər də ayrılmalıdır.
Metrostansiyada olan 3 xəttin (qırmızı, yaşıl, bənövşəyi) hər biri müstəqil fəaliyyət göstərməlidir. Bu da daha qısa intervalla daha çox sərnişinin daşınmasına gətirib çıxaracaq. Bunun üçün xətlərin ayrılması layihəsi icra olunmalıdır. İndi “28 may”la “Cəfər Cabbarlı” stansiyası bir müstəvidə kəsişir. Dünyada elə bir analoq yoxdur. Bu Sovet dönəmindən qalan yanlışdır.
Keçid stansiyası fəaliyyət göstərməlidir. Yəni yaşıl xətt öz xətti ilə getməlidir, keçidlə qırmızı xəttə keçməlidir. Həmçinin “Xətai” “Həzi Aslanov”la, “Dərnəgül” də “Koroğlu” ilə birləşməlidir. Bənövşəyi xətt isə Heydər Əliyev adına İdman-Sərgi Kompleksinin arxa tərəfində tikilən stansiyaya birləşməlidir. Həmin stansiyanın şəhər mərkəzi və Ağ şəhərə kimi uzadılmasına ehtiyac var. Bu daha funksional hərəkəti təmin edəcək və şəhərin şərqi ilə qərbi arasında artıq indiki kimi bir xətt üzərindən yox, üç xətt üzərindən getmək olacaq. Bu da şəhər nəqliyyatında yerüstü nəqliyyatda yükün parçalanmasına və daha optimal səfər təşkilinə gətirib çıxaracaq.