Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır
Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib
Qarşıda duran əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri təqdim olunub.
Bu sözləri Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyulun 3-də Agentliyin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində söyləyib.
Turizm və hotelçilik sənayesinin COP29-a tam hazır olduğunu bildirən F.Nağıyev deyib: "Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyən hotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərin sırasına qoşula biləcəklər. Qeyd edim ki, Ulduz təsnifatı regionlar üzrə də davam edəcək".