Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb YENİLƏNİB
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
14:01
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinə bir ay bundan əvvəl texniki baxış keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, sözügedən təyyarələrin texniki baxışları Türkiyə tərəfindən mütəmadi şəkildə həyata keçirilir:
"C-130 tipli təyyarələr hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur. Qəzaya uğrayan təyyarənin texniki keçmişi araşdırıldıqda təyyarəyə "Erciyes Avionik" modernləşdirməsinin tətbiq olunduğu, planlı gövdə, mühərrik baxışlarının vaxtında yerinə yetirildiyi, sonuncu texniki baxışının 11 sentyabr – 12 oktyabr 2025 tarixləri arasında aparıldığı müəyyən edilib".
Diqqətə çatdırılıb ki, sözügedən təyyarə 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, texniki baxışları aparıldıqdan sonra 2014-cü ildə inventara daxil edilib:
"Modernləşdirilərək 2022-ci ildən etibarən istifadəyə verilib. Həmin tarixdən bu günə qədər təyyarə müntəzəm texniki xidmətlərlə istismarda olub".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.
***
13:14
Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən qərar Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan digər C-130 təyyarələrinin uçuşlarının ehtiyat tədbiri olaraq həyata keçirilib.
2 dəqiqə