Türkiyədə həlak olan 4 nəfərin nəşi Azərbaycana gətirildi
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib
Türkiyədə zəlzələ zamanı həyatını itirən azərbaycanlıların nəşi Bakıya gətirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. "Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Onlardan dördünün nəşi dünən axşam Azərbaycana gətirilib", - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edilib ki, Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.