Türkiyədə prezidentin səlahiyyətləri artırılıb
Səfərbərlik elanı səlahiyyəti dövlət başçısına verilib
Türkiyədə 34 il aradan sonra “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib.
Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman
Sənədə əsasən, 24 may 1990-cı il tarixli və 90/500 saylı Nazirlər Şurasının qərarı ilə qüvvəyə minmiş "Səfərbərlik və hərbi vəziyyət nizamnamısi" ləğv edilib. Onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb.
Əsasnamə “dövlətin bütün qüvvə və resurslarının hərbi vəziyyətə və ya müharibəni labüd edə biləcək gərginlik və böhran dövrlərinə uyğun olaraq sürətlə hərəkətə keçirmək üçün hazırlıqların yerinə yetirilməsini” tələb edir.
Nizamnamənin əsasnaməyə dəyişdirilməsi sənədin əsasən yeni dövrlə ayaqlaşması ilə əlaqələndirilir. Bununla belə, əsasnamə prezident səlahiyyətinin artırılması ilə də seçilir: başlıca dəyişikliklərdən biri səfərbərlik elanı səlahiyyətinin Nazirlər Şurasından Prezidentə ötürülməsidir. Beləliklə, “müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam baş verdikdə, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə”, Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.
Bundan başqa, nizamnamə ölkənin Ali İnzibati Məhkəməsinin (Danıştay) baxışından keçirilərək Nazirlər Şurası tərəfindən gerçəkləşdirilən sənəddir. Əsasnamələr isə nizamnamələrdən fərqli olaraq daha dar və spesifik sahəni əhatə edir. Burada Ali İnzibati Məhkəmənin baxışına ehtiyac yoxdur. Əsasnamələr nazirlər və publik hüquqi şəxslər tərəfindən tətbiq edilə bilər.
Qeyd edək ki, 2018-ci ildə Nazirlər Şurası ləğv edildikdə prezident, vitse-prezident və nazirlərin cəmi “Prezident kabineti” adlandırılmağa başlasa da, Nazirlər Kabineti konstitusiyaya daxil edilmiş bir qurum idi.