Türkmənistan Azərbaycana qaz tədarükünü niyə dayandırdı?
Səbəbini Niderlandda yerləşən "Turkmen.news" müstəqil xəbər və hüquq müdafiəsi təşkilatının saytı açıqlayıb
Türkmənistan ucuz qiymətə görə Azərbaycana qaz nəqlini dayandırıb.
Türkmənistan və Azərbaycan 2024-cü ildə İranın iştirakı ilə 3 milyard kubometr svop qaz tədarükünün davam etdirilməsi ilə bağlı razılığa gələ bilməyib. Tərəflər qiymətdə razılaşa bilmirlər. "Turkmen.news" mənbələrinin məlumatına görə, min kubmetrin 135-140 dollara başa gəlməsi Türkmənistana gülünc görünüb.
İranın “Mehr” xəbər agentliyi xəbər verir ki, Azərbaycanın Türkmənistanla həllini müzakirə etdiyi müəyyən “problem”ə görə tədarük dayandırılıb. Söhbət "kommersiya şərtləri və dəqiq gündəlik həcmlərdən" gedir.
"Turkmen.news" mənbələri aydınlaşdırır ki, bu ifadə ilk növbədə qiymət deməkdir. “Min kubmetrin 135-140 dollar qiyməti birjada göstərilən qiymətlərlə müqayisədə gülüncdür. Azərbaycanın neft-qaz şirkəti SOCAR sonradan türkmən qazını xaricə iki dəfə baha qiymətə satır”, - mənbə izah edir.
İkinci səbəb, artan daxili ehtiyaclar səbəbindən Türkmənistanda mövcud qaz həcmlərinin olmamasıdır. Bu, sistemli problemlə üst-üstə düşür: “Türkmənqaz” xaricilərlə sövdələşmələr bağlayarkən həmişə mövcud qaz həcmlərini yüksək qiymətləndirir. Əgər bu saxtakarlıqlar üzə çıxsa, o zaman türkmən tərəfdaşlarına onsuz da etibar etməyən xarici treyderlər əməkdaşlıqdan tamamilə imtina etməyə başlayacaqlar.
Qeyd edək ki, Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsinə dair saziş 2021-ci ilin sonunda imzalanıb. Bu müqavilə əsasında Azərbaycan İrandan ildə 1,5-2 milyard kubmetr qaz alır.