Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır
Bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib
Ukrayna “Qazprom”la müqavilənin müddəti başa çatdıqdan sonra Rusiyadan başqa “istənilən” Azərbaycan, ya Qazaxıstan qazını Avropaya nəql etməyə hazırdır. Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Hər hansı bir Avropa ölkəsi Qazaxıstan qazını, Azərbaycan qazını və ya digərini almağı zəruri hesab edərsə, biz onu nəql etməyə hazırıq”, - deyə o, bildirib.
Podolyakın sözlərinə görə, Ukrayna müvafiq müraciət və hüquqi aspektlərin həlli ilə “Mərkəzi Asiya ölkələrindən gələcək istənilən tranzit qazını” nəql etməyə hazırdır. "Müvafiq logistika varsa, müraciət varsa və hər şey qanuni şəkildə qurulubsa, Ukraynanın tranzit rolunun ayrıca göstərildiyi bir müqavilə var və bundan sonra biz bu barədə danışa bilərik," - dedi.
Avqustun 27-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiya qazının tranziti ilə bağlı “Qazprom”la müqaviləni yeniləməyəcək və müddəti ilin sonunda başa çatacaq. Eyni zamanda, o, müqavilənin müddəti başa çatdıqdan sonra Ukraynanın Aİ ilə birlikdə “başqa şirkətlərdən” qazın öz ərazisindən tranziti ilə bağlı qərar qəbul edəcəyini bildirib, lakin təfərrüatları açıqlamayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna hakimiyyətinin sazişi yeniləməkdən imtina etməsini şərh edərkən bildirib ki, Rusiya Federasiyasının Avropaya alternativ təchizat yolları var.