XƏBƏRLƏR / İctimaiyyət

Ukraynadan 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Sosial Xidmətlər Agentliyi xəbər verir

Ukraynadan 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

    SXA-dan verilən məlumata görə, uşaqlar agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

    Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçiriləcək. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.

    Onların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

    SXA tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.