XƏBƏRLƏR / Məhkəmə

Vardanyanın son sözündə Azərbaycan poeziyasından danışıb

Zərərçəkmiş şəxslərin hüquqi varisləri Vardanyanın ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər FOTO/YENİLƏNİB

Vardanyanın son sözündə Azərbaycan poeziyasından danışıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 18:14

    Fasilədən sonra çıxış üçün söz müdafiə tərəfinə verilib. Söz alan təqsirləndirilən şəxs fasilə zamanı vəkili ilə danışdığını, onun çıxış etməsini istəmədiyini söyləyib.

    Söz təqsirləndirilən şəxsin vəkili E.Babışova verilib. Müdafiəçi çıxışında elan olunmuş ittihamla qəti şəkildə razı olmadıqlarını bildirib. O, iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.

    Ardınca müdafiəçinin çıxışına münasibət bildirmək üçün söz ittiham tərəfinə verilib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib: “Müdafiəçinin təqsirləndirilən şəxsin mövqeyinə uyğun olaraq hər hansı arqumentlərə, sübutlara, faktlara qiymət verməməsini nəzərə almaqla əlavə fikrimiz yoxdur”.

    Sonra R.Vardanyana söz verilib.

    Təqsirləndirilən şəxs son söz çıxışı edib. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib.

    Təqsirləndirilən şəxs çıxışında, həmçinin saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuyub. Bundan sonra o, çıxışını yekunlaşdırıb.

    Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

    Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

    Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.

    ***

    15:06

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davam etdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib.

    Müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son söz çıxışından sonra sədrlik edən Zeynal Ağayev tərəflərə (ittiham və müdafiə tərəfi) müraciət edərək, məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdim edib-etməyəcəklərini soruşub.

    Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildiriblər.

    Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.

    Müşavirədən qayıtdıqdan sonra məhkəmənin yekun qərarı elan olunacaq.

    ***

    12:18

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilir.

    Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, dövlət ittihamı tərəfindən təqdim edilmiş, ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.

    Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri - Azad Kərimov, Oqtay Şıxəliyev və digərləri çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər.

    Təqsirləndirilən şəxs R.Vardanyan məhkəməyə müraciət edərək, müdafiəçisi Emil Babışovla danışmaq istədiyini bildirib. Məhkəmə onun vəsatətini təmin edib.

    Təqsirləndirilən şəxsin vəkili ilə görüşməsi ilə əlaqədar məhkəmədə fasilə elan olunub.

    Məhkəmə prosesi fasilədən sonra davam edib.