Vardanyan Bakıdan arvadına zəng etdi VİDEO
Bu barədə onun oğlu David Vardanyan Ermənistan mətbuatına deyib
Qarabağ separatçılarının “keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb və vəziyyətinin yaxşı olduğunu bildirib.
Bu barədə onun oğlu David Vardanyan Ermənistan mətbuatına müsahibəsində bildirib.
O, atasının dünən və ötən çərşənbə axşamı anasına zəng etdiyini deyib.
“Zəng çox qısa olub. O, yaxşı formada olduğunu bildirib. Digər təfərrüatları müzakirə etməyiblər. Darıxdığını söyləyib. Biz də onun üçün darıxırıq”, - Vardanyanın oğlu deyib.
Oğlu əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri onun anası ilə əlaqə saxlayaraq, Ruben Vardanyana və digər separatçılara baş çəkmək istədiklərini bildiriblər.
“Ermənistan dövləti beynəlxalq məhkəmədə iddia qaldırıb ki, təkcə mənim atamı deyil, Azərbaycanda həbsdə olan bütün məhbuslar azadlığa buraxılsın. Oktyabrın 12-də onların mümkün azadlığa buraxılması ilə bağlı Haaqada məhkəmə prosesi olacaq. Bu prosesin uğurla yekunlaşacağına böyük ümidlər bəsləyirik. Təbii ki, biz də atamı azad etmək üçün addımlar atırıq, lakin bu haqda danışmaq hələ tezdir”.
David Vardanyan atasına azərbaycanlı vəkili bu işə necə işə cəlb edə bildiklərindən də danışıb:
“İcma təşkilatlarından, eləcə də tanışlarımızdan təmaslar vasitəsilə atamı təmsil etmək üçün tutduğumuz yerli vəkillə əlaqə saxlaya bildik. Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir”.