Erməni silahlıları Şuşanı bombalayacaq?
Və ya 148 il cənab Zərdabinin bostanında istifadəsiz çürüyən dəryaz və dırmıqlar haqqında
Bu o demək deyil ki, Azərbaycanda jurnalist yoxdur – var, bu o deməkdir ki, Azərbaycanda jurnalistika yoxdur…
Həyatım boyu dünyada baş verən müharibələrin 95%-də olan hərbi reportyor kimi deyə bilərəm ki, “atəşkəs” rejiminin yaradılması heç də münaqişələrin həlli demək deyil.
Bu gün münaqişə tərəflərindən biri nə qədər “münaqişə bitdi” desə də, mən başa düşürəm ki, bu, həqiqət deyil, sadəcə istəkdir (daha dəqiq desək, təklifdir). Münaqişəyə son qoymaq üçün atəşkəs rejiminin, Qarabağ və ona bitişik rayonların ərazisində iki xalqın təhlükəsiz, birgə yaşaması, bundan sonra yaşamaq üçün doğulan insanların bir daha milli zəmində həlak olmamağı üçün təminatların/mexanizmlərin əbədi möhkəmləndirilməsi ilə bağlı bütün hərbi, siyasi, iqtisadi və mədəni məsələləri həll etmək lazımdır.
Məsələnin həll edilməməsi - ya hansısa tərəfin aciz olması, ya problem həll etmək istəməməsi, ya həll etməyə imkan və icazəsinin olmaması, ya da bu münaqişənin həllini gələcək nəsillərin öhdəsinə buraxmaq niyyəti kimi ciddi amillərə bağlıdır. Bu məsələlər açıq və cavabsız qaldıqca Qarabağ münaqişəsinin davam etməsi və yenilənməsi riski yüksək olaraq, daim tarixi reallıq olaraq qalacaq. Tarix isə subyektiv əhval-ruhiyyəni sevmir və birbaşa münaqişə zonasında yaşayan insanların, eləcə də bütövlükdə regionun gələcəyi açıq qalan suallara cavablardan asılıdır.
Şuşa Qlobal Media Forum təşkilatçıları ANS Press-i dəvət etmədiklərinə görə biz bu mötəbər yığıncaqda iştirak edə və vacib hesab etdiyimiz sualları Azərbaycan Prezidentinə verə bilmədik. Təəssüf edirik ki, rütbəli jurnalistlərə paylanan “instruksiyalar”da da bu taleyüklü süallar səslənmədi. Görünür, cənab Zərdabinin bostanında 148 ilə keyfiyyətini tam itirmiş peyin və kompos yalnız “altının yarısında” becərilən və dik durmaq iqtidarında olmayan xiyarla calaq olunan alaq uzun müddət ayaq altında qaldıqdan sonra qəti şəkildə funksionallığını itirərək, fotosintez qanununa zidd olaraq erkəkciklərinin başlarını yerə soxublar. İnanmıram ki, Prezident İlham Əliyevin bu cür yastı və mövzudankənar suallara ehtiyacı var idi. Axı biz onu 44 günlük müharibə zamanı dünyanın aparıcı media qurumlarının kəskin suallarına yaxın məsafədən tapança kimi atəş püskürən cavablarının şahidi olmuşuq.
Yox, bu o demək deyil ki, Azərbaycanda jurnalist yoxdur – var, bu o deməkdir ki, Azərbaycanda jurnalistika yoxdur…
Beləliklə, başqa bir alternativim olmadığından Qarabağın gələcək müqəddəratını müəyyənləşdirmək üçün suallarımı birbaşa ermənilər tərəfindən münaqişənin həll edilməsinə görə məsul və qərar verə biləcək şəxsə ünvanlandırıram:
- Qarabağda yaşayan ermənilərin statusu barədə nə düşünürsünüz?
Qarabağ münaqişəsinin həlli üçün ən mühüm məsələlərdən biridir və bu gün bütün proseslərin həllində açar rolu oynayan sualdır. Niyəsə ciddi erməni liderləri bu barədə danışsa da, kifayət qədər konkret mexanizm dilə gətirilmir.
- Qarabağda yerləşən ermənilərə məxsus hərbi birləşmələrin taleyi necə olacaq?
İndiyə qədər Qarabağda yaşayan ermənilərin hərbi hissələri, silah-sursatı və hərbi qulluqçuları var. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən elan edib. Lakin nə Ermənistanın baş naziri, nə də münaqişədə vacib rol oynayan digər şəxslər bütöv Azərbaycanın ordusu olan təqdirdə erməni etnik azlığına məxsus hərbi birləşmələrin mövcudluğuna aydınlıq gətirmirlər.
- Qarabağda yerləşən, erməni azlıqlarına aid hərbi birləşmələrə qarşı Azərbaycanın rəsmi silahlı qüvvələri terrorizmlə mübarizə çərçivəsində təmizləmə əməliyyatları aparmağa başlasa, siz cavab atəşləri ilə hərbi əməliyyatlara başlayacaqsınız?
Mövcud Azərbaycan qanunvericiyinə görə ölkə ərazisində yerləşən bütün qeyri-qanuni hərbi qüvvələr terrorçu birləşmələri hesab olunur və dərhal tərkisilah olunmalıdır. Bu məsələ dəfələrlə Azərbaycan rəsmiləri tərəfindən müxtəlif beynəlxalq tribunlardan səslənsə də, erməni tərəfinin cavabı hələ də yoxdur.
- Hərbi qarşıdurma başlasa, Azərbaycanın dinc və mülki əhalisi yaşayan şəhərlərə - Şuşa, Gəncə və ya Bakıya ağır artilleriya zərbələri vurmağa silahlarınız varmı və bu hərbi əməliyyatlara müraciət edəcəksinizmi?
İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanından uzaq yerləşən, dinc və mülki əhalinin yaşadığı məntəqələrə böyük çaplı artilleriya və ballistik raketlər vasitəsi ilə atəşlər açılmışdır. Qarabağda münaqişə başlasa, Ermənistan bu hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi barədə hələ də rəsmi açıqlama verməyib.
- Qaçqınların geri qaytarılması məsələsinin mexanizmini necə görürsünüz?
Bu, Qarabağ nizamlanmasında ən ağrılı məsələlərdən biridir. Beləliklə, münaqişələr nəticəsində hər iki tərəfdən dogma evlərini itirmiş vətəndaşların qayıdışı mövzusu, onların mülkü və hüquqları statusları dəqiqləşdirilməli, təhlükəsizliyi təmin olunmalıdır.
- Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasını Qarabağ nizamlanmasının aktual məsələsi kimi qəbul edirsinizmi?
İndiyə qədər bu məsələlər yalnız Bakı tərəfindən tənzimlənir. Erməni tərəfi bu məsələdə real addımlar hələ atmayıb. Sərhədin müəyyənləşdirilməsi birgə komissiyaların xəritələr üzərində ilkin işini və son təqdirdə faktiki “zolaqlı sütunlar”ın yerləşdirilməsini nəzərdə tutur.
- Sizcə, Rusiya sülhməramlılarının müddəti qurtarandan sonra Qarabağı tərk etməlidirlər, ya yox?
Rusiya sülhməramlılarının münaqişə zonasında fəaliyyətinin sonuna 2 il qalıb. Buna baxmayaraq Rusiya Qarabağ probleminin nizamlanmasında ayrıca tərəf olaraq qalmaqdadır.
- Qarabağda yaşayan erməni icmasının Azərbaycan pasportlarını almasına etirazınız varmı?
Azərbaycanla Ermənistan arasında sərhəddə artıq bir neçə aydır ki keçid məntəqəsi, gömrük və sərhəd xidmətlərinin postları var. Bu postların yanında ASAN xidmət açıb Azərbaycan vətəndaşlığı almaq istəyən erməni icmasının nümayəndələrinə dərhal pasport vermək də olar. Bu da öz növbəsində onların daha rahat inteqrasiyasına yol aça bilər.
Qarabağ probleminin bu və digər aspektləri danışıqların mövzusudur, danışıqlarda erməni və azərbaycanlı nümayəndələr iştirak etməlidir. Bundan əlavə, danışıqlar aparanlar Birinci və İkinci Qarabağ müharibələrində iştirak etməyən mülki, xüsusi təlim keçmiş və bacarıqlı peşəkarlar olmalıdır. Bu gün Qarabağ münaqişəsinə yeni yanaşmalar və ideyalar lazımdır.
Həyatım boyu iştirak etdiyim müharibələrdə mən qalib gələn tərəf görmədim. Müharibədə hamı uduzur və yalnız sonuncu uduzan sülh istəməyə başlayır!
Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfi torpaqlarını itirəndə mən bu münaqişənin həllinin bizim dövrdə baş verməsinə çalışırdım ki, dava uşaqlarımızın dövrünə keçməsin. Çox maraqlıdır ki, bu gün - İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını azad edəndən sonra mən eyni hisslər keçirirəm…