BLOQ

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Müharibənin 17-ci günü

Vətən müharibəsinin xronikası: 13 oktyabr
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyədək canlı qüvvəsi pusquya salınıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal altındakı ərazilərimizə doğru hərəkət edən könüllülərin bir qrupu atəş zərbəsi ilə məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

    Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək 42 mülki şəxs həlak olub, 206 nəfər isə xəsarət alıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb.

    Azərbaycan əsgəri Hünər Məmmədov silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə düşmənin 7 tankını, 1 PDM-ini, silah-sursat dolu 1 avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

    Müdafiə Nazirliyi işğaldan azad edilən Hadrut qəsəbəsinin görüntülərini yayıb.