Reportaj / 44 Günlük Müharibə

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Müharibənin 19-cu günü

Vətən müharibəsinin xronikası: 15 oktyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • * Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

    * Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutub. Bu xain hücum zamanı üç nəfər həlak olub, beş nəfər xəsarət alıb. Beləliklə, düşmənin mülki əhalini atəşə tutması nəticəsində həlak olanların sayı 46-ya, xəsarət alanların sayı 223-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    * Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında düşmən ordusunun Tərtər qəbiristanlığını dəfn mərasimi zamanı qəsdən atəşə tutması ilə bağlı paylaşım edərək dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və doğmalarına başsağlığı verib.

    * Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksini, 4 ədəd BM-21 “Qrad” YARS qurğusunu, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd “D-1” haubitsa topunu, bir neçə PUA-sını və avtomobil texnikasını məhv edib. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.