Vətən müharibəsinin xronikası: 2 oktyabr VİDEO
Müharibənin 6-cı günü (02 oktyabr 2020-ci il), 4 il əvvəl ANS-in komandası cəbhə bölgəsindən xəbər verirdi
* Oktyabrın 2-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər azad olunub. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız erməni silahlı birləşmələrinin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Döyüşlərin gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.
* Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.
* Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
* Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyətinin istifadəyə yararlı olduğu müəyyənləşib.
* Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsinə dair yeni görüntüləri paylaşıb.
* Ermənistan ordusunun bölmələri Ağdamın Birinci Alıbəyli qəsəbəsini, Goranboy rayonunun Səfikürd kəndini, Ağcabədi rayonunun Hacılar kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud zədələnib.