Vətən müharibəsinin xronikası: 6 oktyabr
ANS ÇM komandasının dörd il əvvəl cəbhə bölgəsindən hazırladığı REPORTAJ
* Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin zirehli texnikalarını, atəşə dəstək və təminat vasitələrini məhv edib. Ermənistan silahlı qüvvələrinin daha 3 tankı, 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli, Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
* Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.
* Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunub, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.
* Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.
* Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi və Horadiz şəhərlərini, Goranboy rayonunu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Ağdam rayonunun Səfərli qəsəbələrini, Böyükbəyli və Təzəkənd kəndlərini, cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan, raketlərdən və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib.