Reportaj / 44 Günlük Müharibə

Vətən müharibəsinin xronikası: 8 oktyabr

Müharibənin 12-ci günü

Vətən müharibəsinin xronikası: 8 oktyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • * Bölmələrimiz tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    * Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb.

    * “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

    * Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 8-i saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

    * Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir.

    * Azərbaycanın yaşayış məntəqələri - Goranboy, Ağdam, Gəncə, Bərdə və Füzuli düşmənin xain hücumuna məruz qalıb.