Reportaj / 44 Günlük Müharibə

Vətən müharibəsinin xronikası: 9 noyabr

Müharibənin 44-cü günü – Ermənistan kapitulyasiya aktını imzaladı

Vətən müharibəsinin xronikası: 9 noyabr
  • Oxuma müddəti:

    111 dəqiqə

  • • Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün "twitter" hesabında bildirib.

    • Daha 48 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edilib. Bu barədə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün "twitter" hesabında məlumat verib.

    • Prezident İlham Əliyev “BBC News” telekanalına müsahibə verib.

    "- Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz?

    - Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.

    - Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?

    - Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

    - Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir.

    - Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

    - Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?

    - Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər.

    - Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

    - Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.

    - Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?

    - Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.

    - Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

    - Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

    - Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

    - Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

    - Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?

    - Xeyr, bu, yanlış məlumatdır.

    - Bu məlumat burada yaşayan insanlardan daxil olur.

    - Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır.

    - Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərini gözləyirsiniz?

    - Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?

    - Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?

    - Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər.

    - Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar.

    - Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər.

    - Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub.

    - Bu, Ermənistanda olmayıb.

    - Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?

    - Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır.

    - Onlar öz kilsəsini atəşə tutublar?

    - Bəli, elədir ki, var.

    - Onlar, əlbəttə ki, bunu inkar edirlər.

    - Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilərlər.

    - Kilsəyə gəldikdə...

    - Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?

    - Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücum etmədiyini deyə bilərsiniz?

    - Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvidir...

    - Beləliklə, Siz bunu edə bilərdiniz?

    - Kim? Siz kimi nəzərdə tutursunuz?

    - Sizin qüvvələriniz bunu edə bilərdi.

    - Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində, - ermənilər onu Stepanakert adlandırırlar, - hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub.

    - Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki dəfə zərbə endirilib.

    - Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir.

    - Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən, Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türk dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilər?

    - Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.

    - Lakin bu...

    - Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik.

    - Bu, o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz?

    - Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan hərbi infrastrukturu məhv etmək üçün istifadə edirik.

    - Prezident Əliyev...

    - Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

    - Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir.

    - Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var.

    - Lakin Prezident Əliyev, onlar orada idilər.

    - Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər. Bizim hərbi...

    - Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki?

    - Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

    - Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

    - Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.

    - Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur.

    - Təşəkkür edirəm.

    - Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda, sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində kassetli silahlardan istifadə etmisiniz və bu, “Human Rights Watch” təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillər çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir. Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz o dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə istifadə edirsiniz?

    - Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir. Ermənistan kassetli bombalardan istifadə edir.

    - Deməli, hər şey feyk xəbərdir?

    - Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdir üzləşirik.

    - Lakin Siz etiraf edirsiniz ki....

    - Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə qədər feyk xəbər dərc edilmişdi? Minlərlə.

    - Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı, irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən bizə bu silahlardan istifadə etmədiyinizi deyirsiniz.

    - Xeyr, istifadə etmirik. Çünki biz döyüş meydanında döyüşürük. Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var...

    - Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da feykdir?

    - Əlbəttə ki. Çünki “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur.

    - Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürülüb? Onların sayı nə qədərdir?

    - Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405 nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, ya da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya gedib onları yoxlaya bilərsiniz.

    - Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi?

    - Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu, mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır.

    - Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik?

    - Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerə getməyi?

    - Bəli.

    - Orada jurnalistlər olublar.

    - Lakin onlar sərbəst hərəkət etməyiblər.

    - “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?

    - Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə alırıq.

    - Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq.

    - Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir.

    - Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar...

    - Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?

    - Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?

    - Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

    - Hansı müstəqil mənbələrdən?

    - Bir çox müstəqil mənbələrdən.

    - Deyin mənə, hansılardır?

    - Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

    - Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.

    - Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

    - Xeyr. Əsla yox.

    - Fəal azad müxalif media var?

    - Əlbəttə ki.

    - Mən bunu harada görə bilərəm?

    - Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

    - Qəzetlərdə yox.

    - Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

    - Burada müxalifətin olmasına icazə varmı?

    - Bəli, icazə var.

    - QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

    - Xeyr, əsla.

    - Tənqidçilər həbsxanadadır.

    - Xeyr, əsla.

    - Bunların heç biri həqiqət deyil?

    - Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?

    - Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.

    - Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.

    - Yox, Prezident Əliyev.

    - Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

    - Münaqişəyə qayıdaraq...

    - Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

    - Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.

    - Bu, sizin xoşunuza gəlmir.

    - Bu, xoşa gəlmək məsələsi deyil.

    - Siz buna öyrəşməmisiniz.

    - Bu, bizim müsahibənin mövzusu deyil.

    - Çünki siz ancaq hücum etməyə adət etmisiniz.

    - Bu, bizim müsahibənin mövzusu deyil.

    - Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.

    - Siz bu məsələni qaldırdınız.

    - Xeyr, siz qaldırdınız.

    - Siz Asanj məsələsini qeyd etdiniz.

    - Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır.

    - Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qışda da döyüşlər gedəcək?

    - Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq.

    - Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalıyam.

    - Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması.

    - Beləliklə, o, Dağlıq Qarabağı da Sizə verməlidir?

    - O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir. Geri qayıtmasına. Şuşaya.

    - Beləliklə, Sizin Dağlıq Qarabağı nəzarət altında saxlamağınıza ehtiyac yoxdur?

    - Siz “nəzarət altında” deməklə nəyi nəzərdə tutursunuz?

    - Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarəti ələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək, orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki şəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu, Sizi qane edərdi?

    - Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar. Biz orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik.

    - Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?

    - İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq.

    - Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır?

    -Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

    - Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya iki qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırsınız?

    - Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

    - Bəs gündə?

    - Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə.

    - Burada istifadə olunan dronları idarə edən türk pilotlar varmı?

    - Xeyr.

    - Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən istifadə olunur?

    - Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir.

    - Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?

    - Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.

    - Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz.

    - Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?

    - Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil?

    - Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı?

    - Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?

    - Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.

    - Prezident Əliyev, amma demək olar belə çıxmır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz?

    - Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni davam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur.

    - Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyəti nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak olub?

    - Xeyr, bilmirik. Biz Ermənistanın Müdafiə Nazirliyinin rəsmi məlumatını eşitmişik. Biz bu rəsmi məlumata inanmırıq.

    - Onlar 45 mülki şəxs deyir.

    - Bəli, bilirəm 45, ya 47 - biz bilmirik. Mən bilmədiyim bir şeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox şişirdilib. Çünki biz onların kəndlərinə hücum etməmişik. Biz onların şəhərlərinə hücum etməmişik.

    - Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə hücumlarla bağlı sənədli sübutlar var.

    - Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünki Xankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməli idik.

    - Mülki şəxslərin evləri dağılıb.

    - Müharibə vaxtı bu, bəzən baş verir. Belə olur. Biz o qədər dəqiq deyilik, əgər onların artilleriyası düz evin yanındadırsa. Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometr radiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektə qəsdən ballistik raketlərlə hücum etdilər.

    - Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi?

    - Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatı qiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar 1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər? Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır.

    - Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız və tezliklə ərazini mühasirəyə almaq mövqeyində ola bilərsiniz. İçəridəki mülki şəxslərin taleyi necə olacaq?

    - Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən necə dayanmağı deyirəm.

    - Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?

    - Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar.

    - Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir.

    - Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir.

    - Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü?

    - Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik - əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər - yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, - onlar bunu təsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər - yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi - yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərin ortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

    - Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz?

    - İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər.

    - Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?

    - Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq.

    - Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?

    - Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi - Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu, kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə - status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

    - Sizin sülh yolu ilə həllə ümidiniz varmı?

    - Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı.

    -Prezident Əliyev, icazənizlə mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu münaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcək görürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakin bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz.

    -Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir".

    • Döyüş əməliyyatları cəbhənin əsasən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. “Su-25” həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan Ermənistan silahlı birləşmələrinin 2-ci və 3-cü motoatıcı alaylarının bölmələri müdafiə hədlərini ataraq qaçıb. Cəbhənin Tərtər istiqamətindən bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti zərərsizləşdirilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, üç tankı, bir piyada döyüş maşını, iki topu və yük avtomobili, minaatan heyəti, döyüş sursatı sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyinin Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verilib.

    • Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında bölmələrimizə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir piyada döyüş maşını vurulub. Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən düşmən ordunun canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan yük maşını zərbə PUA-ları ilə məhv edilib.

    • Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilib. İşğalçı ordunun “Tor - M2KM” zenit-raket kompleksi, atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi, eləcə də canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    • Ermənistanın dinc əhaliyə qarşı törətdiyi təxribatlar nəticəsində sentyabrın 27-dən noyabrın 9-dək 93 mülki şəxs həlak olub, 407 nəfər xəsarət alıb, 3326 ev, 120 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    • FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb.

    x x x

    • Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib edib.

    "- Əziz həmvətənlər.

    Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:

    “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı

    Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

    1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

    2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

    3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

    4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

    5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

    6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

    Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

    Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

    7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

    8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

    9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

    Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”.

    ***

    Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

    Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar.

    Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!

    Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.

    Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır artıq ümidlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!

    Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.

    Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

    Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.

    Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir. Mən demişəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam.

    Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm və bəziləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazım olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.

    Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Bu, nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.

    Ona görə məsələnin həlli artıq təmin edilib. Əlbəttə, əgər Ermənistan atəşkəsə əməl etsə, - mən artıq bütün əmrlərimi vermişəm, - komandanlıqlara əmrimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq.

    İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atəşkəsi pozub. Birinci dəfə kim pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə kim pozub beş dəqiqə atəşkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Ona görə biz istədiyimizə nail ola bilmişik. Biz düşməni məcbur edə bilmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandıra bilməz.

    Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.

    Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu.

    Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

    Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.

    Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi.

    Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər.

    Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar. Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir.

    Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz - bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır - dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

    “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".

    • İşğaldan azad edilmiş şəhər və kəndlərimiz -  SİYAHI:

    27 sentyabr

    • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
    • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
    • Ağdərə  Murovdağ istiqamətlərində yüksəkliklər

     3 oktyabr

    • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
    • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
    • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

     4 oktyabr

    • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

    5 oktyabr

    • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

     9 oktyabr

    • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
    • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 
    • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
    • Tərtər rayonunun Çaylı kəndi

     14 oktyabr

    • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
    • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

    15 oktyabr

    • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
    • Füzuli rayonunun Arış kəndi
    • Cəbrayıl rayonunun Doşulu kəndi

     16 oktyabr

    • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

     17 oktyabr

    • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

     18 oktyabr

    • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

     19 oktyabr

    • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

     20 oktyabr

    • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
    • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
    • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
    • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

     21 oktyabr

    • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
    • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
    • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

     22 oktyabr

    • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
    • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
    • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

    23 oktyabr

    • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
    • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
    • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
    • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

     25-26 oktyabr

    • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
    • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
    • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

    28 oktyabr

    • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
    • Füzuli rayonunun Mandılı kəndi
    • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
    • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

    30 oktyabr

    • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
    • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
    • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

    2 noyabr

    • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
    • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
    • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

    4 noyabr

    • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
    • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
    • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

    7 noyabr

     Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

     Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

     Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

     Zəngilan rayonunun Beşdəli kəndi

     Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

     Xocalının Qarabulaq, Moşxmaat kəndləri

    8 noyabr  

    • ŞUŞA şəhəri

    9 noyabr

    • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
    • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri
    • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
    • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
    • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
    • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi
    • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

     10 noyabr

    • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
    • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.

    20 noyabr

    • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.

    25 noyabr

    • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

    1 dekabr

    • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

    P.S. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəgər Günü elan edilib.