Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.
Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” proqramına, “Sky News” telekanalına müsahibə verib.
Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 9-u saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər xəsarət alıb. Həmçinin 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş prokurorluq məlumat yayıb.
Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin 30-a yaxın tankı və piyada döyüş maşını ələ keçirilib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib.
Düşmənin radioelektron mübarizə vasitələri və atəş mövqeyinə çıxardığı zirehli texnikalar məhv edilib.