BLOQ / Yaddaş

Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Bu gün onun anadan olmasının 114-cü ildönümü tamam olur

Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) anadan olmasının 114-cü ildönümü tamam olur.

    Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.

    Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Lay lay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

    Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələr yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

    Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

    Öz içindən yanan bir ocağam mən,

    Yandıqca daha gur yanacağam mən!

    - yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

    Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq şairi fəxri adı verilib. O, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubiley mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.