Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü VİDEO

YENİLƏNİB

  • Oxuma müddəti:

    12 dəqiqə

  • 16:49

    İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşü başa çatıb.

    Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev deyib:

    - Əziz dostlar.

    İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır.

    Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.

    Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.

    Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq.

    Həm Zirvə görüşünün, həm də Biznes-Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.

    Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm.

    Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

    ***

    16:13


    İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə görüşünün sədri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edib.

    Prezident Şavkat Mirziyoyevin çıxışı

    - Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.

    Nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl Xankəndi şəhərində, qədim Qarabağ torpağında sizinlə görüşməkdən olduqca məmnunam. Əsl qardaşlar kimi biz bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən çox şadıq. Mən ECO Zirvə görüşünü bu torpaqda yüksək səviyyədə təşkil etdiyinə və səmimi qonaqpərvərlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm.

    Daşkənddə tarixi görüşümüzdən sonra təşkilatın təsisat imkanlarının gücləndirilməsində və yeni sahələrdə əməkdaşlığın qurulmasında nəzərəçarpan irəliləyiş sizinlə birgə əldə edilmişdir. Fürsətdən istifadə edərək, təşkilatımızda Qazaxıstan Respublikasının səmərəli sədrliyini qeyd etmək istəyirəm.

    Biz, həmçinin məmnunuq ki, uzun fasilədən sonra Əfqanıstanın keçid hökuməti Zirvə görüşümüzdə öz nümayəndə heyəti ilə iştirak edir. Əslində, biz qonşu Əfqanıstanı təşkilatımızın ayrılmaz hissəsi, geniş iqtisadi əməkdaşlığın və regional nəqliyyat proseslərinin mühüm üzvü kimi görürük və onu öz tərəfimizdən geniş şəkildə dəstəkləyirik.

    Hörmətli görüş iştirakçıları, bu tədbir çətin anlarda baş tutur və dünya ictimaiyyəti mühüm mərhələlərdən keçir. Bu, tam aydındır. Çünki münaqişə və mübahisələrin əksər hissəsi təşkilatımızın ərazisində baş verməkdədir. Son aylarda Cənubi Asiya və Orta Şərqdə baş verən hadisələr hamımızda böyük narahatlıq doğurdu. Beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının sarsılması dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Xüsusən də təşkilatımızın üzvü olan İran İslam Respublikasına qarşı hərbi əməliyyatlar öz növbəsində bütün regionu müharibəyə sürükləmək və böyükmiqyaslı ətraf mühit fəlakətinin baş verməsi təhlükəsini yaratdı. Beləliklə, biz İran ilə İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasını dəstəkləyirik. Bu qərarı regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində atılan mühüm addım hesab edirik. İnanırıq ki, bu razılaşma diplomatik və konstruktiv danışıqlarla bütün məsələlərin həlli üçün möhkəm əsas yaradacaq. Nəzərə alsaq ki, kütləvi qırğın silahlarının yayılmaması beynəlxalq təhlükəsizliyin ən təxirəsalınmaz məsələlərindən birinə çevrilir, biz bir daha nüvə silahından azad zonaların coğrafiyasını genişləndirmək üçün qlobal ictimaiyyətə çağırış edirik. Qeyd edilməlidir ki, Orta Şərqdə dayanıqlı sülh və sabitlik İsrail-Fələstin münaqişəsinin ədalətli və düzgün həlli olmadan əldə edilə bilməz. Biz beynəlxalq ictimaiyyəti Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına, aclıq və qeyri-insani şəraitdən əziyyət çəkənlərə humanitar yardımın göstərilməsində bütün maneələrin aradan qaldırılmasına və müstəqil Fələstin dövlətinin BMT-nin qətnamələrinə uyğun qurulmasına öz tərəfimizdən çağırırıq.

    Hörmətli görüş iştirakçıları, hər hansı sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Görüşün gündəliyinə uyğun olaraq, mən diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm. Əvvəlcə biz təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Qeyd etmək istərdim ki, qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır. 2024-cü ildə bu rəqəm 95 milyard dollar olub və ölkələrimizin ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. Biz həmin sahədə strateji məsələləri müzakirə etmək üçün bu il Daşkənddə ticarət nazirlərimizin toplantısını keçirməyi və ticarətin asanlaşdırılması sazişinin imzalanmasını təklif edirik. Bundan əlavə, kənd təsərrüfatı, ticarət və əmtəənin məhdudiyyətsiz təchizatı üzrə məlumatların sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər” sistemini yaratmaq çox vacibdir. Sərmayə əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramını qəbul etmək və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsü ilə çıxış etmişik. Bu proqramın əsas məqsədi özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb etməkdən ibarətdir.

    Digər prioritet sahə də var. Son geosiyasi hadisələr təchizat zəncirlərinin pozulması risklərini bir daha göstərdi, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini nümayiş etdirdi. Bunu biz həmin hadisələrdə gördük. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il başlanması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək. İnanırıq ki, məhz rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Çünki bunun sayəsində biz nəqliyyat və logistika sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə təşkil edəcəyik və beləliklə, ekspert səviyyəsində danışıqları daha da gücləndirəcəyik.

    Mühüm məsələlərə gəldikdə, yeni aviareyslərin açılması, o cümlədən məhz hava nəqliyyatı şirkətləri arasında əməkdaşlığın innovativ şəkildə həyata keçirilməsi, marketinq strategiyalarının gücləndirilməsi turizm və aviasiya sektorlarının inkişafına böyük təkan verəcək. Bu məsələlərin müzakirəsi məqsədilə Səmərqənddə Milli Hava Yolu Şirkətləri Forumunun təşkil olunmasını təklif edirik. Ümumiyyətlə, təşkilatımız daxilində turizm xidmətlərinin daha da genişləndirilməsi ilə bağlı yol xəritəsinin inkişaf etdirilməsinin bizim bu məqsədə xidmət edəcəyinə əminik və hesab edirik ki, bu potensial turizm imkanlarımızı iki dəfə artıracaq.

    Mən diqqətinizi digər bir mühüm məsələyə cəlb etmək istəyirəm. Əsas məsələ ondan ibarətdir ki, bizim hökumətlər qlobal iqlim gündəliyində öz səylərini əlaqələndirməli və birləşdirməlidirlər. Biz Bakıda COP29 qlobal iqlim sammitinin uğurla keçirilməsindən sonra əldə edilmiş razılaşmaların və öhdəliklərin tam şəkildə icrasını qəti şəkildə dəstəkləyirik. Biz, eyni zamanda, təşkilatımızın məhz quraq yerlərdə ağacların əkilməsinə, o cümlədən istirahət zonalarının yaradılmasına yönəlmiş “Yaşıl təşəbbüsü”nü dəstəkləyirik.

    Hörmətli nümayəndə heyətinin rəhbərləri, biz təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsində yüksəksəviyyəli komitənin səylərini alqışlayırıq. İnanırıq ki, bu komitə növbəti Zirvə görüşü üçün təkliflərin hazırlanmasında və təşkilatımızda funksional islahatların aparılmasında, onların gücləndirilməsində öz töhfəsini verəcəkdir. Bu islahatlar birmənalı olaraq bizim əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq, təşkilatımızın beynəlxalq nüfuzunu və təsirini gücləndirəcək, onun işinin müasir tələblərə uyğun qurulmasına səbəb olacaq.

    Əminəm ki, bugünkü Zirvə görüşü bizim məqsədlərimizə, planlarımıza nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq.

    Diqqətinizə görə təşəkkür edirəm.

    ***

    12:59

    Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır.


    ***

    12:09

    Bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçiriləcək.

    1985-ci ildə yaradılan İƏT-in üzvləri bu ölkələrdir: Türkiyə, İran, Pakistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qızrğızıstan,  Türkmənistan, Tacikistan və Əfqanıstan.