Xəzərdən dünyaya uzanan enerji yolunun 20 ili bitir
Bakı–Tbilisi–Ceyhan neft ixrac boru kəməri insan kapitalının və xidmət ixracının formalaşmasına mühüm töhfə verən bir məktəb oldu
Bakı–Tbilisi–Ceyhan neft ixrac boru kəməri təkcə Azərbaycanın enerji ixracını təmin edən strateji layihə deyil, həm də insan kapitalının və xidmət ixracının formalaşmasına mühüm töhfə verən bir məktəb oldu.
Bu illər ərzində minlərlə azərbaycanlı neftçi və mühəndis dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərərək bilik və təcrübəsini beynəlxalq layihələrə daşıdı. Son 20 ilə yaxın dövrdə Azərbaycan mütəxəssisləri qlobal infrastruktur layihələrinin ayrılmaz hissəsinə çevrildi. Milli şirkətlərimizdən biri isə hava məkanında uçuş prosedurlarının dizaynı sahəsində hazırladığı həllərlə müxtəlif ölkələrin hava limanlarında dispetçer xidmətinin daha səmərəli təşkilinə töhfə verdi.
Bu gün həmin potensialın nəticəsini Azərbaycan şirkətlərinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Serbiya, Ukrayna və digər ölkələrdə uğurla icra etdiyi iri yol və infrastruktur layihələrində də görürük. Bu layihələr ölkəmizin mühəndislik bilik və təcrübəsinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini, xidmət ixracının isə yeni mərhələyə keçdiyini göstərir.
İnsan kapitalı əvəzolunmaz resursdur. Müasir və beynəlxalq sertifikatlı təlimlər vasitəsilə mövcud kadr potensialını dövrün tələblərinə uyğun inkişaf etdirmək, ixtisas transformasiyasını sürətləndirmək və xidmət ixracını genişləndirmək mümkündür.
Azərbaycanın strateji coğrafi mövqeyi nəzərə alınaraq aviasiya, dənizçilik, dəmir yolu, avtomobil nəqliyyatı, beynəlxalq sürücülük, şəhər mobilliyi və logistika sahələrində beynəlxalq sertifikatlı regional təlim mərkəzlərinin yaradılması ölkəmizi təkcə tranzit deyil, həm də bilik və xidmət ixrac edən regional mərkəzə çevirə bilər.
BTC-nin 20 illik uğuru göstərdi ki, düzgün qurulan infrastruktur yalnız enerji daşımır, həm də insan kapitalını formalaşdırır, mühəndislik məktəbi yaradır və Azərbaycanın bilik, təcrübə və xidmətlərini qlobal bazarlara çıxarmaq üçün möhkəm zəmin yaradır.
2 dəqiqə