XİN Çeçenistanda saxlanılan azərbaycanlıların taleyi haqda
XİN-in mətbuat katibi Ayxan Hacızadənin vətəndaşlarımızın vətənə dönüşü ilə bağlı medianın sualına cavabı
Sual: Təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə Qroznıda cəlb olunduqları barədə xəbərlər yayılmışdı. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi hansı tədbirlər görüb və vətəndaşlarımız azad olunubmu?
Cavab: Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub.
Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib.