XƏBƏRLƏR / Diplomatiya

XİN Fransa Prezidentinin ittihamlarına cavab verdi

Fransa Prezidenti səfirlər konfransında Azərbaycan əleyhinə iddialar səsləndirib

XİN Fransa Prezidentinin ittihamlarına cavab verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.

    Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirilən iddialar barədə medianın sualına cavabında deyib.

    O bildirib ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç vaxt tənqid etməyib.

    “Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb.

    Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik.

    Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

    Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, - deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.

    Qeyd edək ki, yanvarın 6-da Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.