XİN Milli Matəm Günü münasibətilə bəyanat qəbul edib
Azərbaycan xarici işlər nazirliyi xəbər verir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 20 Yanvar – Milli Matəm Günü münasibətilə bəyanatı
20 Yanvar 1990-cı il Azərbaycan Respublikasının müasir tarixində ən faciəli, eyni zamanda ləyaqətli və şərəfli səhifələrdən birini tutur.
Otuz altı il əvvəl Sovet ordusunun Bakıda və Azərbaycanın digər bölgələrində mülki əhaliyə qarşı həyata keçirdiyi amansız təcavüz nəticəsində 150 mülki şəxs həlak olmuş, 744 nəfər ağır yaralanmış, 4 nəfər itkin düşmüşdür.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenlik üçün qanuni istəklərini boğmaq cəhdi idi.
Lakin bu zorakılıq aktı Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu, xalqımızın müstəqilliyini bərpa etmək, kütləvi deportasiyalara və Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq və suveren hüquqlarını tam şəkildə həyata keçirmək əzmini daha da gücləndirdi. 20 Yanvar şəhidlərinin fədakarlığı 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasında əsas rol oynamışdır.
20 Yanvarda Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci ilin 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında tarixi təcəssümünü tapmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmiş və beynəlxalq hüquqa uyğun olaraq ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir.
Şanlı qələbəmiz və sonrakı dövrdə Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqlar, sülh və təhlükəsizlik gündəliyinin irəliləməsi, genişmiqyaslı bərpa və tikinti layihələrinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması xalqımızın sarsılmaz iradəsinin və qətiyyətinin, eləcə də 20 Yanvar şəhidlərinin və Vətən uğrunda fədakarlıq göstərən bütün qəhrəmanlarımızın mübarizə apardığı və canlarını verdiyi idealların təntənəsinə çevrilmişdir.
Bu kədərli, eyni zamanda qürurverici gündə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün 20 Yanvar şəhidlərimizin və qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir və onların yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Bu şərəfli yolda sağlamlıqlarını qurban verən bütün vətəndaşlarımıza can sağlığı arzulayırıq.
20 Yanvarda xalqımıza qarşı törədilən cinayətlərə bənzər insanlığa və beynəlxalq hüquqa qarşı cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün ardıcıl səyləri və məqsədyönlü tədbirləri davam etdirmək əzmində olduğumuzu bir daha bəyan edirik.
3 dəqiqə