XƏBƏRLƏR / Qayıdış

Xocalı şəhərinə və Cəbrayılın Horovlu kəndinə köç olub

YENİLƏNİR

Xocalı şəhərinə və Cəbrayılın Horovlu kəndinə köç olub
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 14:05

    Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

    Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb.

    Xocalıya çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri qarşılayıb.

    ***

    13:50

    Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 47 ailə olmaqla, 189 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    13:33


    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

    Cəbrayıl rayonu Horovlu kəndi bu gün 47 ailə olmaqla 189 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər.

    Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    ***

    07:09

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

    Xocalı şəhərinə 25 ailə - 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə - 189 nəfər yola salınıb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2177 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 981 nəfər (216 ailə)
    Suqovuşan (Ağdərə) - 592 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 95 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 764 nəfər (205 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 477 nəfər (110 ailə)
    Ballıca (Xocalı rayonu) - 1016 nəfər (228 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 340 nəfər (99 ailə)
    Təzəbinə (Xocalı) - 495 nəfər (112 ailə)
    Xıdırlı (Ağdam) - 1938 nəfər (495 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 374 nəfər (96 ailə)
    Şuşakənd (Xocalı) - 230 nəfər (61 ailə)
    Qırmızı Bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
    Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
    Hadrut (Xocavənd) - 105 nəfər (27 ailə)
    Badara (Xocalı) - 136 nəfər (36 ailə)
    Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
    Daşbulaq (Xocalı) - 122 nəfər (30 ailə)
    Kəlbəcər - 338 nəfər (81 ailə)
    Horovlu (Cəbrayıl) - 402 nəfər (94 ailə)

    Cəmi: 21 610 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 mindən çox insan yaşayır.