Xocalıda kütləvi məzarlıq aşkarlanıb YENİLƏNİB / FOTO
Meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir

13:02
Xocalıda kütləvi məzarlıqda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir.
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa görə insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı, işgəncələrlə qətlə yetirilib: "Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunublar. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş digər vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsilə sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermənistan tərəfi gizlətməyə davam edir".
E.Səmədov bildirib ki, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri də aşkarlanıb:
"Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən qalıqların mülki şəxslərə aid olduğu müəyyən olunub. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Burada qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın".
***
12:23
Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb.
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: "Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".
Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq:
"Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".