Xora həzm sistemi xəstəlikləri arasında geniş yayılıb
Mədə xorasına 50-60, onikibarmaq xorası isə 30-40 yaşlarında daha çox təsadüf edilir
“Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora çüxurunun olması ilə səciyyələnən xroniki problemdir. Bu, həzm sistemi xəstəlikləri arasında geniş yayılmış diaqnozlardandır. Mədə xorasına 50-60, onikibarmaq xorası isə 30-40 yaşlarında daha çox təsadüf edilir”.
Bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov deyib. O qeyd edib ki, xəstəliyin meydana çıxmasına çoxsaylı amillər təsiri edir: “Bunlara mədənin turşu-şirə ifrazının, qan təchizatının, selikli qişanın trofikasının sinir-humoral tənziminin pozulması və digər amillər aiddir. Xoranın birbaşa əmələ gəlməsi isə mədəyə təsir edən “aqressiv” faktorlarla “müdafiə” amilləri arasında tarazlığın pozulması nəticəsində meydana çıxır. Qeyd etdiyimiz problemlər nəticəsində toxumalarda qan dövranı pozulur, selikli qişanın turş mədə şirəsinin təsirinə qarşı müqavimət qabiliyyəti aşağı düşür, müəyyən nahiyədə selikli qişa əriyir və yerində xora əmələ gəlir. Eyni zamanda, “Helicobacter pylori” adlanan bakteriya xoranın əmələ gəlməsində mühüm rol oynayır. Bu bakteriya insanların 50-80 faizində var. Lakin mədəsində bu mikrob yaşayan insanların heç də hamısında xora əmələ gəlmir. Burada həm genetik, həm də qidalanma tərzinin xüsusiyyətləri, stres amili, siqaret və alkoqol qəbulu kimi zərərli vərdişlər, bəzi dərman preparatlarının istifadəsi rol oynaya bilir”.
Xəstəliyin gedişatı barədə də danışan mütəxəssis bildirib ki, bu problem qastriti xatırladır, əsas əlaməti ağrılardır: ”Ağrı tutmaları ildə bir neçə dəfə, çox vaxt yaz və payızda baş verir. Orta hesabla bir aya qədər davam edir. Müalicə olunmadıqda isə ağrılar daimi xarakter ala bilər. Xora xəstəliyinin əlamətləri xoranın yerləşmə yerindən, ölçüsündən və ağırlaşmasından asılıdır. Xəstəlik zamanı mədə nahiyəsində xarakterik ağrılar baş verir və bu ağrılar kürəyə, belə vurur. Ağrıların əmələ gəlməsinin qida qəbulu arasında birbaşa əlaqəsi var. Ağrılar erkən, gec və “acqarına” növlərinə bölünür. Erkən ağrılar qida qəbulundan 1 saat sonra baş verir və mədə möhtəviyyatının həzm traktının növbəti şöbəsinə ötürülməsi xüsusiyyətindən asılı olaraq azalır. Gec ağrılar qida qəbulundan 2 saat sonra, “acqarına” ağrılar isə qida qəbulundan xeyli gec vaxtda (6-7 saat) baş verir və adətən qida qəbulundan sonra keçir. Erkən ağrılar daha çox mədə xorası, gecə ağrıları isə onikibarmaq bağırsaq xoraları üçün xarakterikdir. Xora xəstəliyi zamanı ağrılardan əlavə qıcqırma, mədə bulanması, qusma və qəbizlikdə müşahidə edilə bilir”.
Mütəxəssis son onilliklər ərzində mikrob amilinin (“Helicobacter pylori”) təsirindən xora xəstəliyinin əmələ gəlməsinin birbaşa sübutu olmadığını vurğulayıb: “Aparılan “ikili”, “üçlü”, bəzən də “dördlü” terapiya nəticəsində 70-75 faiz hallarda sağalma baş verir. Lakin konservativ müalicənin uğurlu nəticələrinə baxmayaraq, xəstələrin 10-15 faizində dayanıqlı remisiya almaq mümkün olmur. Hətta stasionar şəraitdə aparılan 3-4 dəfəlik konservativ xora əleyhinə müalicə nəticəsində dayanıqlı remisiyaya nail olmaq mümkün deyil. Bu halda isə cərrahi müalicə qaçılmaz olur”.
Mütəxəssis bildirib ki, M.A.Topçubaşov adina Elmi Cərrahiyə Mərkəzində müasir, yüksək informativli müayinə üsullarının köməyi ilə hazırlanan kriteriyaların vasitəsilə risk qruplu xora xəstəliyini aşkar etmək və fəsadları gözləmədən cərrahi müdaxiləni aparmaq mümkün olub: ”Xora xəstəliyinin qanaxma, perforasiya, penetrasiya, stenoz, malginizasiya ilə ağırlaşmaları olduqda, mədə reveksiyası (mədənin xəstə hissəsinin kəsilib götürülməsi) üsulundan geniş istifadə edilir.
Bilmək lazımdır ki, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyindən xilas olmaq mümkündür. Bunun üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır”.