XƏBƏRLƏR / Kriminal

XRİTDX kiberhücumlarla bağlı xəbərdarlıq edib

Dövlət qurumlarına qarşı kiberhücumlar gözlənilir

XRİTDX kiberhücumlarla bağlı xəbərdarlıq edib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • “TechOwlShield” kibertəhlükəsizlik portalı "Red Wolf" adlı haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərməsi barədə hesabat dərc edib.

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) verilən məlumata görə, “Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.

    “TechOwlShield” bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib. Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

    • Azərbaycan

    • Fransa

    • İsrail

    • İordaniya

    • Portuqaliya

    • Kamboca

    • Bolqarıstan

    • Oman

    • Hindistan

    • Yunanıstan

    • Avropa İttifaqının rəqəmsal sistemləri

    • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

    Qrup əsasən DDoS tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir. Kiberqruplaşmanın 6 avqustda Rusiyanın haktivist qruplaşması olan “NoName057(16)” ilə ittifaq elan etdikdən bir neçə saat sonra “Red Wolf” Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başlayıb və “Operation Germany” adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş DDoS hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən “CheckHost” hesabatını paylaşıb.

    Kiberqruplaşma, həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik (“diversity”) siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən “chefinnensache.de” veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olub. Hər iki hücumda “Red Wolf” tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşmışdır. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

    Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

    • Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;

    • Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;

    • Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;

    • “DDoS mitigation” xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilməsi

    • Şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyə olunur.

    Əlaqə: +994124353062

    https://cert.gov.az/