XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb

İran and-aman edir ki, sərhədə canlı qüvvə və hərbi texnika toplaması yalandır

Zakir Həsənov Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

    Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. 

    General-leytenant M.H.Baqeri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.

    Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

    Qeyd edək ki, İran səfirliyi ölkənin şimal-qərb bölgələrinə hərbi texnikanın toplanmasına dair məlumatları təkzib edib.

     Bu barədə İranın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilib.

    Səfirlik İran silahlı qüvvələrinin qoşun və hərbi texnikasının sərhəd bölgələrinə göndərilməsi ilə bağlı yayılan video və xəbərləri təkzib edib.

    “Şimal-qərb sərhəd rayonlarına (Ermənistan və Azərbaycan Respublikası) İranın silahlı qüvvələri tərəfindən hər hansı hərbi transferlər qəti şəkildə rədd edilir”, - səfirliyin məlumatında bildirilib.

    Qeyd edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri öz bəyanat və xəbərlərini yalnız rəsmi media və sözçülər vasitəsilə elan edir, sosial mediada yalan və qərəzli xəbərlərin yayılmasının heç bir dəyəri və etibarlılığı yoxdur.