Zakir Həsənov Özbəkistan müdafiə nazirinə başsağlığı verib
Bu barədə MN məlumat yayıb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.
Bu barədə MN məlumat yayıb.
Başsağlığında deyilir: "Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin."
Qeyd edək ki, Özbəkistan Müdafiə Nazirliyinin Mi-8 helikopteri Səmərqənd vilayətində poliqonda qəzaya uğrayıb, ekipaj həlak olub.
Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, noyabrın 17-də saat 20:15 radələrində Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopteri Kattakurqan poliqonunda təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Faciə nəticəsində helikopterin heyəti həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün hadisə yerində xüsusi komissiya işləyir.
“Kattakurqan” Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.