Zəngilanda iki erməni diversantı tutulub YENİLƏNİB
Ermənistan 2 hərbiçi itirdiyini təsdiqləyir
Ermənistan müdafiə nazirliyi xəbər verir ki, "mayın 26-da saat 19:00-da döyüş mövqelərinə ərzaq daşıyan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu ilə rabitə əlaqəsi kəsilib.
Hərbi qulluqçuların axtarışı istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hələ aydınlaşdırılmayan şəraitdə onların Azərbaycan tərəfində görünməsinin mümkün variantı da öyrənilir."
***
Dövlət Sərhəd Xidmətinin məlumatı
May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.
Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu saxlanılmışdır.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.