XƏBƏRLƏR / İctimaiyyət

Bu gün I Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilir

YENİLƏNİR

Bu gün I Qarabağ müharibəsinin itkin şəhidləri dəfn edilir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:51

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın Şəhər Şəhidlər xiyabanında dəfn olunub.

    Əvvəlcə Laçın şəhərində itkin şəhidlə vida mərasimi keçirilib. Dini xadimlərinin iştirakı ilə şəhidin ruhuna dualar oxunub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, Laçın Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Mərasimdə çıxış edənlər Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların qanının yerde qalmadığını və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunması sayəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıblar.

    Vida mərasimindən sonra şəhidin cənazəsi Laçın Şəhər Şəhidlər xiyabanına gətirilib. Cümşüd Məmmədov hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və yaylım atəşinin müşayiəti ilə hərbi ənənələrə uyğun olaraq torpağa tapşırılıb.

    Qeyd edək ki, Cümşüd Məmmədov 1962-ci ildə Laçın rayonununn Katos kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Laçın rayonunun Zabux kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Cümşüd Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

    ***

    12:44

    Birinci Qarabağ müharibəsinin itkin şəhidi İsmayılov Sərdar Cəfər oğlu Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında dəfn olunub.

    Əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

    Qeyd edək ki, Sərdar İsmayılov 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Sərdar İsmayılov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

    ***

    11:02


    Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Cəbrayıl oğlu Qurbanov avqustun 21-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

    İtkin şəhid yaylım atəşinin və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

    Tabutun büküldüyü Azərbaycan Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Akif Qurbanov 1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olub. O, 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

    Akif Qurbanov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.