BLOQ

Şəffaflıq, şəffaflıq, yenə şəffaflıq

Niyə mülki şəxslər Qarabağdan hərbi maşınlarda çıxmalıdırlar?

Şəffaflıq, şəffaflıq, yenə şəffaflıq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Mən qərar qəbul etmirəm, ancaq calışıram ki, kifayət qədər dövlətimi məlumatlandırım, bəzi məsələlərdə də kömək edim. Hal-hazırda bu yaşımda əlimdən bu gəlir.

    Xankəndindən İrəvana və yaxud əksinə, mülki şəxslərin rus sülhməramlılarının hərbi və üstubağlı hərbi maşınları ilə daşınması düzgün qərar deyil. Düşünürəm ki, bu həm ermənilərin, həm də rusların mülki şəxslərdən istifadə etməklə, Qarabağ silah-sursat və döyüş ləvazimatlarının daşınması üçün növbəti təxribat addımıdır. Hərb dilində desək, “voennıy xitrost”, yəni hərbi hiyləgərlikdir.

    Azərbaycan Dövləti heç cür buna razı olmamalı, məsələni ciddiləşdirib müvafiq orqanlar qarşısında ciddi tələbini qoymalıdır; nə qədər ki, gec deyil. Niyə mülki şəxslər hərbi maşınlarda getməlidirlər?

    Yadıma gəlir. Hər gün səhər saat 11-də və bir də saat 15.00-da Xankəndindən Qafana və İrəvana iki “İkarus” sərnişin avtobusu çıxırdı, eləcə də əksinə, İrəvandan və Qafandan əks istiqamətə iki Ermənistan avtobusu gəlirdi.

    Onlardan biri Laçın şəhərində, digəri isə Turşsuda qarşı-qarşıya gəlirdi. Biz heç vaxt səviyyəmizi erməni səviyyəsinə endirib mülki sərnişin avtobuslarına heç vaxt bu istiqamətdə daş atmamışıq, amma başqa istiqamətlərdə olub, inkar etmirəm. Amma onlar Ağdam-Şuşa yolunda həmişə bizi yaralayıblar və xəsarət yetiriblər.

    Məncə, kimliyindən asılı olmayaraq Xankəndindən Ermənistana və əksinə gedib-gələn mülki şəxslər sərnişin avtobusları ilə daşınmalıdır. Hər şey şəffaf və göz qarşısında olmalıdır.

    Zabit yoldaşlarım, eləcə də hərbi ekspertlər və hərbçilərimizdən xahiş edirəm, bu və digər məsələlər ilə dövləti məlumatlandırıb qarşılarında vəsatət qaldırsanlar. Təşəkkür edirəm
    !

    Ehtiyatda olan polkovnik Azay Kərimov