BLOQ

Əsəd hakimiyyəti və onun arxasında duranların blefi

Yaxın Şərqdə bir hərbi-siyasi gərginlik başqa bir iştirakçı tərkibi ilə əvəz olunur

Əsəd hakimiyyəti və onun arxasında duranların blefi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Suriya müxalifət qüvvələri təxminən dörd ildə ilk dəfə prezident Bəşər Əsədin hökumət qüvvələrinə qarşı hücum əməliyyatlarını bərpa edib.

    Çox maraqlıdır ki, münaqişənin qızışması İsraillə Livan, əslində isə İranyönlü Hizbullahla qeyri-müəyyən atəşkəs rejiminə dair razılaşmanın əldə olunması ilə üst-üstə düşdü.
    Beləliklə, məlum olur ki, Yaxın Şərqdə bir hərbi-siyasi gərginlik başqa bir iştirakçı tərkibi ilə əvəz olunur.
    Bildirilir ki, KİV-in yalnız “Suriya müxalifəti” adlandırdığı müxtəlif qruplara aid yarımhərbi qüvvələr, o cümlədən “Əl-Qaidə” ilə əlaqəsi olan islamçılar Hələb yaxınlığında Əsəd qüvvələrinə qarşı hücuma keçib. Qısa müddətdə onlar Hələbin qərbində 13 kənd, iki şəhər və “46-cı baza” kimi tanınan hərbi bazanı nəzarətə götürüblər.

    Üsyançıların əməliyyatı həm də ciddi imic effektinə malikdir. Müxalifət qüvvələrinin məğlub olduqları və hökumət qoşunlarının ilk sarsıdıcı zərbəsində tamamilə məhv ediləcəyi ilə bağlı bütün söhbətlər blefdir.
    Ölkənin indiki dramatik hadisələrin baş verdiyi şimal-qərb bölgəsində hazırda 5,1 milyon insan yaşayır. BMT-nin məlumatına görə, əhalinin yarısı cəbhəyanı ərazilərdən didərgin düşüb, iki milyonu isə düşərgələrdə yaşayır.

    Buna görə də döyüşlərin bərpası ən ciddi humanitar risklərlə doludur. Eyni zamanda, münaqişə zonasının genişlənməsi bu gün qüvvələr nisbəti nə qədər qeyri-bərabər görünsə də, Rusiya, İran və Türkiyənin yenidən güclə ora cəlb edilməsinə səbəb ola bilər.