Şuşaya köç... EKSKLÜZİV VİDEO

28 illik ermənii işğalından qurtulan Şuşada tikinti sürətlə gedir

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu ilin payızından başlayaraq Şuşa sakinləri Şuşaya köçəcəklər. Öz doğma yurd-yuvalarına yazmadım, ona görə ki, Qarabağın göz bəbəyində bütün köhnə və zədəli binalar sökülür, yerində yeni evlər tikilir. Şəhərin "Bazarbaşı-Meydan" deyilən hissəsində yaşayış binaları sökülüb. Gövhərağa məscidinin yanındakı binanın yerində ASAN xidmət inşa ediləcək. Ondan bir az irəlidə - Şuşa Orta İxtisas Musiqi Məktəbinin yerindəki (işğal vaxtı ermənilər bu binanı dağıtmışdılar) birmərtəbəli anbar (!) da sökülüb, yerində qeyri-yaşayış obyekti tikiləcək. Şuşa mehmanxanasının yanında yerləşən, vaxtilə aşağısında aptek olan bina da sökülüb, yerində yeni yaşayış binası tikiləcək. Tikintidə işləyən fəhlələr ANS PRESS-in müxbiri ilə söhbətində ümumiyyətlə Şuşa şəhərində tikinti işlərinin sürətlə getdiyini bildiriblər.   

    "Turbaza" deyilən ərazidə Şuşa sanatoriyasının 5-ci korpusunun yanında xəstəxana binası inşa edilir. Xatırladadaq ki, əvvəllər Şuşa xəstəxanası "Qırx pilləkan" deyilən ərazidə idi. 

    "Dördyol" deyilən ərazidə yerləşən 3 nömrəli internat binasının yerində işğal vaxtı separatçı ermənilərin tikdiyi qondarma "parlament" binası sökülərək,

    onun yerində inşa edilən beşulduzlu otel binası bu ayın sonunda istifadəyə veriləcək. Şuşadakı fəhlələrin ANS PRESS üçün çəkdiyi eksklüziv görüntüləri burada izləyə bilərsiniz. Qeyd edək ki, "Şuşa" adlanan bu beşulduzlu otel Şuşanın azadlığından sonra inşa edilən ilk oteldir.

    Tikinti işləri həmçinin 1 nömrəli məktəbdə də yekunlaşır. Ehtimal ki, yeni tədris ilində bu məktəb də istifadəyə veriləcək.