14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. Yeri gəlmişkən, Azərbaycanın ilk milli saat fabriki olan "VMF Natural Frequencies" Fərrux ağa Qayıbovun 130 illiyinə həsr olunmuş saat buraxıb.
Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.
Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.
İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni mükafata ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıblar.